Mikayil Cabbarov

Azərbaycan Respublikasının İqtisadiyyat Naziri

Intro

Azərbaycan Respublikasının İqtisadiyyat Naziri Mikayıl Cabbarov bu müsahibədə Qarabağ münaqişəsinin Azərbaycan iqtisadiyyatına çoxşaxəli təsirindən bəhs edir.

O, işğalın vurduğu genişmiqyaslı ziyanı, münaqişənin bilavasitə və dolayı nəticələrinin, o cümlədən itirilmiş aktivlərin, talan edilmiş resursların və məcburi köçkünlərə yardımın uzunmüddətli maliyyə yükünün hesablanması üçün istifadə olunan metodologiyanı tədqiq edir. Cabbarov həmçinin Azərbaycanın azad olunmuş ərazilərdə apardığı nəhəng yenidənqurma işləri barədə fikirlərini bildirir, davamlı iqtisadi imkanların yaradılmasının və yurdlarına dönən insanlar üçün sosial strukturun bərpasının mühümlüyünü vurğulayır.

Summary

Mikayıl Cabbarovun fikrincə, Qarabağ münaqişəsinin iqtisadi nəticələrini təkcə maliyyə rəqəmləri ilə tam əks etdirmək mümkün deyil. Azərbaycanın İqtisadiyyat Nazirliyinin erməni işğalının səbəb olduğu birbaşa itkiləri – infrastrukturun dağılması, təbii ehtiyatların qanunsuz istismarı, məcburi köçkünlərin mənzillə təmin olunması və dəstəklənməsinin maliyyə xərcləri – qiymətləndirmək üçün metodologiyalar işləyib hazırladığını qeyd edən Cabbarov bildirir ki, tarixi abidələrin dağıdılması və insanlara dəyən mənəvi zərər kimi bəzi itkiləri kəmiyyət baxımından ifadə etmək imkansızdır. O, vurğulayır ki, daha geniş mənzərə yaratmaq üçün böyük miqyaslı urbisid və ekosidi, regionun ekoloji deqradasiyasını və onilliklərlə davam edən mədəni itkiləri qeyd etmək lazımdır.

Cabbarov izah edir ki, məcburi köçkünlərin qayıdışı və yenidənqurma xərclərinin hesablaması ilə bağlı Nazirliyin aydın yanaşması olsa da, ümumi iqtisadi təsirin müəyyənləşdirilməsi uzunmüddətli təhlil tələb edən mürəkkəb prosesdir. O, ötən üç ildə Azərbaycanın yenidənqurma işlərinə, ilk növbədə infrastrukturun bərpasına və şəhərsalmaya 10 milyard dollardan artıq sərmayə qoyduğuna diqqət çəkir. Cabbarov qeyd edir ki, bu böyükmiqyaslı investisiyaya rəğmən hələ də azad olunmuş ərazilərin minalardan təmizlənməsi ilə bağlı əhəmiyyətli maliyyə yükü mövcuddur. Ermənistanın təqdim etdiyi minalanmış ərazilərin natamam və etibarsız xəritələri bu səylərə mane olur. 

Cabbarov münaqişə müddətində itirilmiş insan kapitalı məsələsinə toxunaraq, Azərbaycanın məcburi köçkünlərinin dözümündən bəhs edir. O, qeyd edir ki, məcburi köçkünlərin icma əlaqələrinin və kimliyinin saxlanılması şərtilə onların Azərbaycan cəmiyyətinə inteqrasiyası istiqamətində düşünülmüş siyasət həyata keçirilib. O, bildirir ki, məcburi köçkünlərin yenidənqurma başa çatdıqdan sonra həvəslə Qarabağa qayıtmaq istəyi bu yanaşmanın öz bəhrəsini verdiyini sübut edir. Cabbarovun sözlərinə görə, hökumətin məcburi köçkünləri təhsil, iş, mənzil və tibbi xidmət imkanları ilə təmin etmək üçün göstərdiyi səylər onların sosial strukturunun köçkünlük həyatı şəraitində belə qorunub saxlanılmasına kömək edib və bu qrupların doğma yurdlarına döndükdən sonra həyatlarını yenidən qura biləcəklərinə əminlik yaradır.

Prezident İlham Əliyevin dediyi kimi Qarabağı “cənnət”ə döndərmək məqsədi barədə suala cavab verərkən, Cabbarov etiraf edir ki, ölkənin bu qədər böyük bir parçasının yenidən qurulması ilə bağlı çoxlu problem var. O, qeyd edir ki, Azərbaycan ərazisinin 20 faizinin yenidən qurulması minadan təmizləmə əməliyyatları, infrastrukturun inkişafı və iqtisadi fəaliyyətin bərpası arasında dəqiq koordinasiya tələb edir. Onun fikrincə, yenidənqurmanın sürətinin biznes sahələrinin bərpası və sakinlərin qayıdışı ilə sinxronlaşdırılması və eyni zamanda regionda məskunlaşmış insanların iqtisadi imkanlara çıxışının asanlaşdırılması həlledici əhəmiyyət kəsb edir. Cabbarovun fikrincə, iş yerləri və iqtisadi aktivlik olmadan məcburi köçkünlərin qayıdışı davamlı ola bilməz. 

Cabbarov həmçinin Qarabağın inkişafının dəstəklənməsi üçün birbaşa xarici investisiyaların cəlb edilməsinin vacibliyini də vurğulayır. Onun sözlərinə görə, beynəlxalq investorlar tikinti, elektrik enerjisi istehsalı, təbii ehtiyatlar kimi sektorlara maraq göstərirlər, məsələn, bp kimi böyük şirkətlər azad olunmuş ərazilərdə bərpaolunan enerji layihələrinə fəal surətdə cəlb olunublar. Cabbarov Azərbaycan hökumətinin investisiya qoyuluşunu təşviq etmək üçün vergi güzəştləri və maliyyə dəstəyi təklif etdiyini bildirir və qeyd edir ki, istənilən iqtisadi planın nüvəsində iqtisadi davamlılıq durmalıdır. O, belə bir fikir irəli sürür ki, özəl sektora investisiya qoyuluşu təkcə vətənpərvərliklə deyil, uzunmüddətli gəlirliliklə də şərtlənməlidir, çünki iqtisadi cəhətdən səmərəli olmayan müəssisələr regiona uzunmüddətli fayda gətirə bilməz.

Azərbaycanın Qarabağda zəfərinin genişmiqyaslı regional təsirlərindən bəhs edən Cabbarov Cənubi Qafqazda iqtisadi əməkdaşlıq potensialı barədə nikbin düşünür. O, qeyd edir ki, Azərbaycanın Prezident Əliyevin rəhbərliyi altında irəli sürülən sülh təşəbbüsləri qonşu ölkələrlə, o cümlədən Ermənistan, Gürcüstan və Mərkəzi Asiya ölkələri ilə iqtisadi tərəfdaşlığın möhkəmləndirilməsinə hədəflənib.  Cabbarov əmindir ki, regionda sülh və stabillik yeni ticarət yolları və investisiya imkanlarının açılmasına, bütün tərəflərin cəlb olunduğu iqtisadi artıma rəvac verəcək.

Nəticə olaraq, Cabbarov Qarabağın yenidən qurulmasına təkcə regionu bərpa edəcək deyil, həm də Azərbaycanda iqtisadi inkişaf və sosial inteqrasiya üçün yeni standart yaradacaq uzunmüddətli layihə kimi baxır. O, əmindir ki, davamlı investisiya, planlaşdırma və koordinasiya şəraitində Qarabağ Azərbaycanın gələcəyinin çiçəklənən və inkişaf edən parçasına çevriləcək.

Other opinions

Elçin Əmirbəyov Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi
Aydın Kərimov Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda Xüsusi Nümayəndəsi
Emin Hüseynov Azərbaycan Respublikası Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonlarında Xüsusi Nümayəndəsi